Dəyişiklikdən sonra işçinin əsas və əlavə iş yeri olduqda müavinət necə hesablanacaq?
- NusratKhalilov
- 14-апр-2024, 17:32
- 0 Şərhlər
- 35 baxış
Öncəki yazımızda məlumat verdiyimiz kimi, Nazirlər Kabinetinin 14 mart 2024-cü il tarixli, 158 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarına dəyişikliklər edilmişdir. Dəyişikliklərin mahiyyəti haqqında öncəki yazımızda məlumat vermişdik.
Dəyişiklikləri də əhatə edən yeni çap olunmuş (14.04.2024 tarixdə) “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 4-cü nəşrindən müvafiq hissəni sizinlə paylaşırıq:
Dəyişikliklərdən biri də işçinin əsas və əlavə iş yeri olduğu zaman müavinətin hesablanması ilə bağlıdır.
İşçinin əsas və əlavə iş yerində işləməsi zamanı müavinətin hesablanması Əsasnamənin 41-ci bəndində müəyyən olunmuşdur. Dəyişiklikdən öncə, həmin bənd aşağıdakı redaksiyada idi:
41. İşçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərti ilə ödənilir.
Nazirlər Kabinetinin 4 mart 2024-cü il tarixli 158 nömrəli Qərarına əsasən, Əsasnaməyə dəyişiklik edilmiş və yuxarıdakı 41-ci bənd Əsasnamədən çıxarılmış və aşağıdakı redaksiyada yeni bənd əlavə edilmişdir:
Sığortaolunan əsas iş yerindən əlavə başqa iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Nümunə 23. İşçi əsas və əlavə iş yeri olmaqla iki iş yerində çalışır. Əsas iş yerində o, 700 manat, əlavə iş yerində isə 400 manat əmək haqqı alır. 10 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirmişdir. Bu nümunəni iki şəkildə nəzərdən keçirək:
Dəyişiklikdən əvvəl:
Dəyişiklikdən əvvəl, işçi əsas iş yerindən əlavə başqa müəssisədə də əmək müqaviləsi üzrə işləyirdisə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanaraq ödənilirdi. Lakin, qazanc məbləği əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmayaraq nəzər alınırdı.
Nümunəmizdə işçinin gəlirinin əsas iş yerində 700 manat, əlavə iş yerində 400 manat olduğunu nəzərə alaraq, hesablama əsas və əlavə iş yeri üzrə qazancın cəmindən, yəni 1100 manat üzərindən əsas iş yerində aparılırdı (əsas iş yeri üzrə stavkanın iki qatından artıq olmadığı üçün). Əlavə iş yerinin qazancı 2000 manat olsa idi, bu halda, əsas iş yeri üzrə stavkanın iki qatından artıq olan hissəsi hesablamada nəzərə alınmırdı. Əlavə iş yerinin qazancı 2000 manat olsa da, 1400 ( 700 * 2) manat hesablamada nəzərə alıncaq idi.
Dəyişiklikdən sonra:
Dəyişiklikdən sonra isə, müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər (əsas və əlavə iş yeri üzrə) tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanıb ödəniləcəkdir.
Yəni, təqdim edilmiş xəstəlik vərəqəsi əsasında əsas iş yeri üzrə 700 manat üzərindən, əlavə iş yeri üzrə isə 400 manat üzərindən hər bir iş yeri tərəfindən ayrı-ayrılıqda hesablama aparılacaq və işçiyə müəyyən olunmuş formada müavinət ödəniləcəkdir. Bu isə əsas və əlavə olmaqla bir neçə iş yerində çalışan işçinin əlavə iş yerləri üzrə gəlirlərinin hesabına əsas iş yeri üzrə işəgötürənin xərclərinin artmasının qarşısını almış olacaqdır. Həmçinin, işçinin əlavə iş yeri üzrə qazancının tam formada nəzərə alınması ilə işçinin əldə edəcəyi müavinət məbləğinin artmasına səbəb olacaqdır.
Nümunəmizə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi 14 gündən az olduğu üçün əsas və əlavə iş yerlərinin müvafiq komissiyası tərəfindən ayrı-ayrılıqda müavinət hesablanaraq işçiyə ödəniləcəkdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi 14 gündən sonra da davam etsə idi, bu halda, 14 gündən sonrakı müddət əsas və əlavə iş yerlərinin qazancı əsasında əsas iş yeri tərəfindən müvafiq quruma müraciət edilməklə sosial sığorta haqları hesabına ödəniləcəkdir.
“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 günü üçün həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən, 14 gündən sonrakı günlər üçün isə əsas iş yeri üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən əlavə iş yerinin gəlirləri də nəzərə alınmaqla təyin ediləcəkdir.
İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini əsas iş yerinə təqdim edəcək. Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edərək xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verəcək. İşçinin əlavə iş yeri (yerləri) olduğu halda isə o, əsas iş yeri tərəfindən xəstəlik vərəqələrinin təsdiqlənmiş surətini əlavə iş yerinin (yerlərinin) müdiriyyətinə təqdim edəcəkdir. Beləliklə, ilk 14 günü üçün təqdim edilmiş xəstəlik vərəqəsi əsasında həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən müavinət təyin edilərək işçiyə ödəniləcəkdir.
Bütünlükdə əmək qanunvericiliyinin praktiki izahından ibarət olan və 14.04.2024-cü il tarixinə ən son əlavə və dəyişikliklərlə təkmilləşdirilmiş “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının IV nəşrini aşağıdakı linkə keçid edərək sifariş edə bilərsiniz:
WHATSAPP (0554666550) – Kitablar bütün ölkədaxili ödənişsiz çatdırılma edilir.
Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 4-cü nəşri